Qol.Az

"Müdafiədə etibarlı, hücumda rəngarəng oynayacağıq"

[27.06.2016]
"Müdafiədə etibarlı, hücumda rəngarəng oynayacağıq"

“Bizi çox çətin oyun gözləyir. Buna baxmayaraq, bu mövsüm Avropa Liqasında oynayan ilk komanda kimi uğurlu nəticə ilə başlamaq istəyirik". 

Qol.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya"sı ilə qarşılaşacaqları ilk oyundan öncə bu gün keçirilən mətbuat konfransında deyib. 

Ş.Diniyev komandasının uğurlu nəticə qazanması üçün sabah əlindən gələni edəcəyini bildirib: "Yeni transferlərimizi bir neçə yoldaşlıq görüşündə də oynatmaq istəyirdik. Lakin UEFA oyunun vaxtını dəyişdi. Qarşısına Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulan "Daçiya" ilə görüşdə əlimizdən gələni edəcəyik".

 

- “Kəpəz” 16 ildən sonra avrokuboklara vəsiqə qazandı...

- Futbolçular meydana çıxmaq üçün tələsirlər. Hər bir oyunçunun arzusudur ki, Avropa Liqasında oynasın. Sabahkı matç heç də rahat keçməyəcək. Biz yeni komandayıq. Uğurlu günlərimiz qabaqdadır. Bu ilki “Kəpəz” növbəti mövsüm daha güclü olacaq. Sadəcə vaxt qısadır. Yeni futbolçular sistemə oturmalıdır. Azərbaycan futboluna çox oyunçular bəxş edəcəyik.

- Komandada son durum necədir?

- Komandamız hər gün inkişaf edir, irəliyə addım atır. Bu da məni sevindirir. Demirəm ki, ideal oynayacağıq. Amma meydanın hər qarışı uğrunda can qoyacağıq. Oyuna yüksək motivasiya lazımdır.

- “Kəpəz”in Gəncədə oynamaması problem yaratmayacaq ki?

- “Kəpəz” klubu azarkeşləri üçün çox işlər görüb. Amma bu gün bəzi işləri görməyə gücümüz çatmır. Amma istəyimiz var. Sabahkı oyunda stadionda 20 min olmasa da, 3-4 min azarkeşin olacağına inanıram. Azarkeşlərin sevgisi bizi yaşadır.

- Rəhbərlik qarşısınıza nə hədəf qoyub?

- Etiraf edim ki, “Kəpəz”də işlədiyim zaman qarşıma hansısa hədəf qoyulmayıb. Əgər biz burdayıqsa, əlimizdən gələni etməliyik. Biz hamımız “Kəpəz” üçün çalışırıq.

- Sabah meydanda hansı taktika ilə oynayacaqsınız?

- Sabah müdafiədə etibarlı, hücumda isə rəngarəng oynayan “Kəpəz” görəcəksiniz. İlk dəqiqələrdə ehtiyatlı oyuna üstünlük verəcəyik.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.