Qol.Az

"Qəbələ"nin iki rəqibi müəyyənləşdi

[07.06.2016]
"Qəbələ"nin iki rəqibi müəyyənləşdi

"Qəbələ”nin yay hazırlıq planı müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqanın 2015/2016-cı illər mövsümündən sonra istirahətə buraxılan “qırmızı-qaralar” iyunun 10-da bir araya gələcək.

Komanda 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini keçirmək üçün Bakıda toplaşacaq. İyunun 15-dək paytaxtda toplanışda olacaq Roman Qriqorçukun komandası bu müddətdə məşqlərini “Bakı” Futbol Klubunun bazasında gerçəkləşdirəcək.

Hazırlıq prosesinin 2-ci mərhələsini ölkə xaricində keçirəcək “qırmızı-qaralar” təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Komanda iyunun 16-dan 26-dək Tiflisdə hazırlıq keçəcək. “Qəbələ” qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardan ikisindəki rəqiblər artıq bəllidir. “Qırmızı-qaralar” ayın 18-də Qorinin “Dila” kollektivi ilə qarşılaşacaq.

1949-cu ildə yaradılan bu komanda başa çatan mövsümdə Gürcüstan çempionatının bürünc mükafatını qazanıb. Bununla da UEFA Avropa Liqasına vəsiqə qazanan Qori təmsilçisi ölkə kubokunda da yarımfinala qədər irəliləyib. “Dila” 67 illik tarixində Gürcüstan çempionluğu (2014/2015) və ölkə kubokunun qalibi (2011/2012) titullarını qazanıb.

Bu matçdan 4 gün sonra – iyunun 22-də “Qəbələ” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gələcək. Gürcüstan kubokunun finalında Tbilisi “Dinamo”suna 0:1 hesabı ilə uduzan Bolnisi təmsilçisi avrokuboklara vəsiqəni əldən verib. “Sioni” ötən mövsümü 5-ci pillədə başa vurub. 1936-cı ildə yaradılan klubun 80 illik tarixində Gürcüstan çempionu (2005/2006), ölkə kubokunun (2003) və Superkubokunun (2006) qalibi titulları var.

Hazırlıq prosesinin son günündə - iyunun 26-da daha bir matça çıxacaq komanda mümkün variantlar arasında seçim edəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.