Qol.Az

Jurnalistin ölümündə təqsirləndirilənlərə hökm oxundu

[01.04.2016]
Jurnalistin ölümündə təqsirləndirilənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov,  Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov,  Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Qol.az-ın Lent.az-a istinadən yaydığı xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev  isə 9 il il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında Elşən İsmayılov və Arif Babayevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edib.
 
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.