Qol.Az

Gəncə şəhər stadionu ilə bağlı önəmli qərar

[01.04.2016]
Gəncə şəhər stadionu ilə bağlı önəmli qərar

Gəncənin "Kəpəz" klubunun Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirdiyi stadionun vəziyyəti şəhər rəhbərliyi səviyyəsində müzakirə olunub.

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, Gəncənin icra başçısı Elmar Vəliyevin rəhbərliyi altında baş tutmuş iclasda şəhər stadionunun əsaslı təmirə ehtiyacının olduğu vurğulanıb.

E.Vəliyev bildirib ki, stadionu cari təmirlə normal vəziyyətə çatdırmaq mümkün deyil. Çünki hazırda nəinki tribunalar, hətta paltardəyişmə və digər yardımçı otaqların vəziyyəti standartlara cavab vermir. Bu səbəbdən, köklü işlərin görülməsi üçün böyük məbləğdə vəsaitə ehtiyac duyulduğu bildirilib. Gəncədə belə bir imkan olmadığından, vəsaitin böyük hissəsini hökumət ayırmalıdır.

İclasda vurğulanıb ki, əsaslı təmir yaxın 3 ildə başlanılacaq. Amma bu, daha tez gerçəkləşə bilər. "Kəpəz" avrokuboklardakı ev oyununu Gəncədə yox, Bakıda keçirsə, istər-istəməz azarkeşlərdə və futbol ictimaiyyətində narazılıqlar yaranacaq. Bu zaman məsələyə ölkənin müvafiq strukturları qarışa və Gəncə şəhər stadionunun yenidən qurulmasına dair göstəriş verilə bilər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 3 dövrədən sonra "Kəpəz" 45 xalla 3-cü pillədə qərarlaşıb. Qalan 9 turda bu mövqeyini qoruyacağı təqdirdə, Gəncə təmsilçisi Avropa Liqasına vəsiqə qazanacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.