Qol.Az

“Qarabağ” kimi komandaya qol vurduğuma sevinirəm”

[31.03.2016]
“Qarabağ” kimi komandaya qol vurduğuma sevinirəm”

“Rəvan”ın ərəb əsilli ukraynalı hücumçusu Yasin Həmidin  Qol.az saytına müsahibəsi  

- Artıq bir neçə aydır Azərbaycandasan. Əvvəlcə  Topaz Premyer Liqası haqda fikirlərini bilmək istərdik.

- Mən çempionatda bütün rəqiblərə qarşı oynamışam. Deyə bilərəm ki, komandaların səviyyəsi yaxşıdır. Turnir cədvəlinə baxanda görürük ki, komandalar bir-birindən elə də uzaqlaşmayıb. “Qarabağ”, “İnter” və “Qəbələ” çox keyfiyyətli oyun nümayiş etdirir.

- “Qarabağ”dan söz düşmüşkən, son oyunda bu komandaya 1:5 hesabı ilə uduzdunuz. Səncə, bu hesab komandalar arasındakı səviyyə fərqinin göstəricisidir?

- “Qarabağ” çox güclü komandadır. Yaxşı futbolçuları və baş məşqçisi var. Bizim üçün çətin oldu. Çünki onlar bütün göstəricilərdə bizdən üstün idi. Yaxşı nəticə qazanmaq üçün möcüzəyə ümid etməli idik. Təbii ki, 1:5 hesabı ilə məğlub olmaq üzücüdür. Ancaq “Qarabağ” kimi rəqibə uduzmaq faciə sayılmamalıdır.

- Ukrayna futboluna yaxından bələdsən. Ukrayna Premyer Liqası ilə Topaz Premyer Liqası çox fərqlənir?

- Əgər “Şaxtyor” və “Dinamo” olmasa, bu iki çempionat arasında elə də böyük fərq olmaz. Ukrayna çempionatı da zəifləyib. Çünki orada da klubların büdcəsi çox deyil.

- Son oyunda “Qarabağ”a qol vurmağı bacardın. Bu, Azərbaycanda ilk qolun idi?

- Bəli, ümumiyyətlə, uzun müddət idi ki, qol vurmurdum. Qol hesabımı açmağım yaxşı oldu. Sevinirəm ki, bu cür komandaya qol vurmağı bacardım. Təəssüf ki, bu qol xal qazanmağımıza kifayət etmədi.

- “Rəvan”da maddi vəziyyət necədir?

- Vəziyyət yaxşı deyil. Hamı müsbətə doğru  dəyişiklik olacağını gözləyir. Biz futbolçuyuq, öz işimizi görməyə çalışırıq. Maliyyə çətinliyi indi hər yerdə var.

- Komandanız sonuncu pillədə qərarlaşıb. “Rəvan”ın Premyer Liqada qalmaq şansı da azdır.

- İnanıram ki, biz sonuncu pillədən qurtulacağıq. Bizim buna gücümüz çatar. Çempionatda qalmaq üçün mübarizə aparacağıq.

- “Rəvan”la müqavilən nə vaxt başa çatır?

- İki aydan sonra.

- Azərbaycanda qalmaq fikrin var?

- “Rəvan”la yeni müqavilə haqda düşünmürəm. Ancaq digər klublardan yaxşı təklif alsam, təbii ki, ölkənizdə qalaram.

- Təkliflər var?

- Maraqlanan klublar var. Ancaq indi bu haqda danışmaq tezdir.

- Sonda Bakı və ölkəmiz haqda təəssüratlarını öyrənək.

- Bakı çox gözəl şəhərdir. Burada yüksək infrastruktur var. Yaşayış səviyyəsi əladır.  Ümumiyyətlə, pis bir şey yoxdur (gülür). İnsanlarınız qonaqpərvərdir. Bütün dostlarıma məsləhət görərdim ki, Bakıya baş çəksinlər.

Ramiq AĞAMƏMMƏDOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.