Qol.Az

Yunan-Roma güləşçimizdən bürünc medal

[12.03.2016]
Yunan-Roma güləşçimizdən bürünc medal

Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Güləçilər 59 kq, 66 kq, 98 kq və 130 kq çəki dərəcələrində yarışıblar.


59 kq 

Taleh Məmmədov 1/16 finalda Virgil Munteanu (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibinə 6:2 hesabı ilə qalib gələn güləşçimiz 1/8 finala adlayıb. O, bu mərhələdə Soslan Daurovla (Belarus) qarşılaşıb. Bu görüşdən 5:0 hesablı qələbə ilə ayrılan Məmmədov 1/4 finala yüksəlib. Təmsilçimiz yarımfinala gedən yolda Dmitro Tsimbalyukla (Ukrayna) üz-üzə gəlib. Lakin Taleh rəqibinə uduzub - 2*:2. Ukraynal güləşçi yarımfinala yüksələ bilmədiyi üçün Məmmədov da bürün medal qazanmaq şansını itirərək mübarizəni dayandırıb. 


66 kq

Kamran Məmmədov 1/8 finalda Danimarka təmsilçisi Karl Anders Poul Ekströmə heç bir şans verməyib. Rəqibini 8:0 hesabı ilə məğlub edən güləşçimiz 1/4 finala yüksəlib. O, yarımfinala çıxmaq uğrunda  Davor Stefaneklə (Serbiya) güləşib və rəqibinə 0:9 hesabı ilə uduzub. Lakin serbiyalı idmançının finala qədər irəliləməsi Məmmədova təsəlliverici yarışlara qatılmaq şansı yaradıb. O, ilk görüşündə Kriştian Yaqer (Macarıstan) 3:1 hesabı ilə qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda mübarizədə Litva idmançısı  Edqaras Venkaitisə 5:2 hesabı ilə qalib gəlib və Avropa çempionatının üçüncüsü olub. 


98 kq

Güləşçimiz Orxan Nuriyev 1/8 finalda Aleksandr Safonovla (Latviya) münasibətlərinə aydınlıq gətirib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn Nuriyev 1/4 finala yüksəlib. O, bu mərhələdə Peter Oehlerlə (Almaniya)qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin qələbəsi ilə yekunlaşıb - 3:2. Yarımfinalda Rusiya idmançısı Nikita Melnikovla üz-üzə gələn Nuriyev rəqibinə uduzub - 1:4. Lakin təmsilçimiz bürünc medal uğrunda yarışacaq. Onun rəqibi Aleksandr Hrabviki (Belarus) olub.   Bu görüşdə idmançımız 0:6 hesabı ilə uduzub.

 
130 kq

Ağır çəki dərəcəsində yarışan güləşçimiz Sabah Şəriəti 1/16 finalda Oleksandr Çernetski (Ukrayna) ilə qarşılaşıb. Təmsilçimizin startı uğursuz alınıb. Şəriəti rəqibinə 0:4 hesabı ilə uduzub. Lakin ukraynalı idmançı finala qədər irəlilədiyi üçün güləşçimiz bürün medal qazanmaq şansı yaranıb. O, ilk görüşündə  Lukaş Banakı (Polşa) 9:0 hesabı ilə məğlub edib. Şəriəti ikinci görüşündə Almaniya təmsilçisi Eduard Poppla qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Azərbaycan yığmasının üzvləri 2 qızıl (Mariya Stadnik, Nataliya Sinişin), 2 gümüş (Cəbrayıl Həsənov və Aleksandr Qostiyev) və 2 bürünc (Yuliya Ratkeviç və Hacı Əliyev) medala yiyələnib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.