Qol.Az

Fikrət Hüseynov: "Dünən rəsmi sanksiya tətbiq edilib"

[01.03.2016]
Fikrət Hüseynov: "Dünən rəsmi sanksiya tətbiq edilib"

AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün keçirilmiş iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb.


- İclasda hansı məsələlər müzakirə olundu?

- İlk məsələ "Kəpəz”in stadionu ilə bağlı idi. Belə qərara gəldik ki, tezliklə meydança düzəldilsin. Çempionatımızda səviyyəli legionerlər, milli üzvləri var ki, həmin stadionda öz oyunlarını göstərə bilmirlər və zədə alma ehtimalları artır. Bu il ölkə kubokunun finalının Gəncədə keçirilməsi nəzərdə tutulub. Buna görə də, həmin vaxta kimi stadionun hazır olmasını istəyirik. İcraiyyə Komitəsinə ikinci təklifimiz legioner rüsumunun azaldılması ilə bağlıdı. Biz bu məsələni 2015-ci ildə 3 dəfə müzakirə etmişdik. Bu gün bir daha həmin məsələni müzakirə etdik ki, ayın 11-də İcraiyyə Komitəsinin iclası və konfrans var. Buna görə də, PFL prezidenti Ramin Musayevi müzakirəmizə dəvət etdik və hər şey yoluna qoyuldu. Üçüncü məsələ oyunçuların statusu və transferi ilə bağlı Əsasnamə ilə əlaqədar idi. Buna görə də, AFFA-nın hüquqşünası Rəmiş Malıyevi dəvət etmişdik. Əsasnamə hazırlanıb, İcraiyyə Komitəsinə təsdiqə göndəriləcək.

- Sonuncu məsələni bir az geniş izah edə bilərdizmi?

- Burda əsas məsələ təzminatla bağlıdı. 15, 16 yaşlı uşaq müqavilə bağlayandan sonra başqa kluba keçəndə təzminat məsələsi necə olmalıdı? Bununla bağlı çox yaxşı Əsasnamə hazırlanıb, biz də bununla tanış olduq. İnşallah, ayın 11-də onu təsdiq edəcəklər.

- Siz Gəncə stadionunda meydançanın hazır olmasını qeyd etdiniz. Amma oturacaqlar da yerində deyil.

- Əlbəttə, bu, kompleks şəklində olmalıdı. Mənə elə gəlir ki, bu işləri 3 ay ərzində yekunlaşdırmaq mümkündü. "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunun meydançasını təmir etdirir ki, 3 aydan sonra avrokuboklarda istifadə etsin. Fikrimcə, oturacaqları quraşdırmaq çox vaxt almayacaq, 3 ay ərzində bunu etmək mümkündü.

- Klublar Komitəsinin ötən iclasında uşaq komandalarının çempionatının oyunlarının vaxtının qeyri-məqbul saatlara salınması ilə bağlı təkliflər verdiyinizi bildirmişdiz. Məsələ müsbət həllini tapıbmı?

- 70-80 faiz yoluna qoyulub. Təhsil Nazirliyinə məktub göndərilib. Klublar da bununla bağlı AFFA-ya müraciət ediblər. Məsələ tam yoluna qoyulmasa da, həllini tapmaq mümkündü.

- Təhsil Nazirliyini artıq razılığını veribmi ki, uşaqlar dərsə buraxsınlar?

- Xeyr, tam razılıq verilməyib. Amma bunun üzərində iş gedir. Mənə elə gəlir ki, yoluna qoyulacaq.

- Gündəlikdə 4-cü bənd digər məsələlərlə bağlı idi. Başqa hansısa məsələ ilə bağlı müzakirə oldumu?

- Biz klublar əslində rəqib olsaq da, bu toplantıda bir ailə olaraq, hamısının problemlərini soruşduq. Məsələ, "Neftçi”də Emil Mpenza ilə bağlı sanksiya, "İnter”də legionerlərə borclar daha çox idi. Bununla bağlı vəziyyətin nə yerdə olması ilə maraqlandım. "İnter”dən dedilər ki, "Dnepr”lə birlikdə onlara mümkün cəza ilə bağlı məlumat verilmişdi. "Dnepr”ə dünən rəsmi sanksiya tətbiq edilib. "İnter”ə isə hələ cəza kəsilməyib. "Neftçi” tərəfi bildirdi ki, Mpenzanın borcunu hissə-hissə ödəməklə bağlı razılıq əldə ediblər. "Xəzər Lənkəran” da futbolçulara olan borclarını ödəməklə bağlı razılıq əldə edib.

- Bəs "Zirə” klubunun avrokuboklara buraxılmamaq ehtimalı müzakirə olundumu?

- Onlar qərarı gözləyirlər. Borcu olmayan klublara UEFA güzəştə gedə bilər (spotnet.az).


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.