Qol.Az

Fariz Nəcəfov: "Qəbələ"nin çempion olması xəyal deyil"

[01.03.2016]
Fariz Nəcəfov: "Qəbələ"nin çempion olması xəyal deyil"

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi


- Klublar Komitəsinin bugünkü iclasında legioner futbolçulara görə ödənilən rüsumun 20 min manatdan 5 min manata endirilməsi haqda qərar qəbul edilib. Yəqin ki, “Qəbələ” klubu bu qərardan razıdı.

- Bəli, razıyıq. Bu qərar bütün Premyer Liqa klubları kimi bizi də qane etdi.

- Komandanızın son turlardakı çıxışı sizi razı salır?

- Komandamız qış fasiləsində Antalyada yüksək səviyyəli təlim-məşq toplanışı keçdi. Fasilədən sonrakı ilk görüşdə “Kəpəz”ə 0:3 hesabı ilə uduzduq. Həmin məğlubiyyətdən sonra komandada psixoloji gərginlik vardı. Bu, qısa müddətdə aradan qaldırıldı. Ardınca 3 oyunda qalib gəldik. Lakin komandamızın hücum xəttində problem var. Əvvəl “Qəbələ”nin hücum xətti güclü olsa da, hazırda nisbətən zəiflik var. Bu da komandamızın 2 aparıcı üzvünün olmamasından irəli gəlir. Həm Dodo, həm də Aleksey Antonov son görüşlərdə forma geymirlər. “Xəzər Lənkəran”la oyunda bu məqam özünü göstərdi. Tək qapı oynasaq da, qol vura bilmədik. Onlar sıraya döndükdən sonra problem aradan qalxacaq.

- Uğursuz nəticələr davam etsə, Roman Qriqorçukun klubdan gedişi mümkündürmü?

- Roman Qriqorçukla müqaviləni bu yaxınlarda 1 illik artırdıq. O, komandaya gələndən sonra yaxşı nəticələr verib. Qriqorçukun savadına, məşqçiliyinə söz ola bilməz. Amma son zamanlar sanki bir tendensiya yaranıb. “Qəbələ” məğlub olan və ya xal itirən kimi Qriqorçukun komandadan getməsi məsələsi gündəmə gəlir. Birdəfəlik bəyan etmək istəyirəm ki, Qriqorçun “Qəbələ”dən gedişi gündəmdə deyil. Onun komandaya, futbolçulara ciddi problemi olsa, məşlərə qeyri-ciddi yanaşsa, nəticələr çox pis olsa, o zaman istefa məsələsini müzakirə etmək olar. İndiki məqamda isə bu, mümkün deyil. Həm də komanda son 4 oyunda 10 xal toplayıb. Deməli, vəziyyət faciəvi deyil.

- Hər halda, “Qəbələ”nin turnir cədvəli baxımından hazırkı vəziyyəti rəhbərliyin ürəyincə ola bilməz...

- Bəli, bu fikirlə razıyam. Biz də istərdik ki, indi birinci pillədə olaq. Amma futbolda hər şey mümkündü. Mövsümün sonuna 13 tur var və bu müddətdə 39 xal qazanmaq mümkündü.

- “Qəbələ”nin mövsümün sonunda çempion olması realdı?

- Bu, xəyal deyil. Son turda “Xəzər Lənkəran”ı udsaydıq, liderlə xal fərqimiz 8 olacaqdı. Uğur qazanmaq üçün inanmaq lazımdır. Komandanı bir yerə toplamaq, yalnız sərfəli nəticə qazanmaq barədə düşünmək lazımdır.

- Sabah ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” səfərdə “Zirə”nin qonağı olacaq. Bu oyundan nə gözləyirsiz?

- Kubokla çempionat oyunları arasında fərq olur. Məqsədimiz həm də kuboku qazanmaqdı. Bunun üçün sona qədər mübarizə aparacağıq.


Mənbə: Futbolxeber.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.