Qol.Az

“Bakı” əvvəlki gücünü qaytarsa, mən də qayıdacam”

[01.03.2016]
“Bakı” əvvəlki gücünü qaytarsa, mən də qayıdacam”

“Zirə”nin hücumçusu Nurlan Novruzovun Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın son turunda “Neftçi” üzərində qazandığınız 3:0 hesablı qələbə çoxları üçün gözlənilməz oldu. Bu nəticəni gözlənilməz hesab etmək olar?

- “Neftçi” son günlər müəyyən çətinliklərlə üzləşsə də, pis oyun sərgiləmir. Bizimlə də bərabər səviyyəli oyun gedirdi. Rəqib 10 nəfərlə qaldıqda, bundan düzgün istifadə etdik. Bir çox komandalar azlıqda qalanda hesabı qoruya bilir. Bizim üstünlüyümüz o oldu ki, rəqibin boş mövqelərini yaxşı gördük.

- “Neftçi” tərəfi düşünür ki, oyunun taleyini qırmızı vərəqə həll etdi.

- Qələbəmizdə sırf qırmızı vərəqə rol oynamadı. Bunlar boş sözlərdir.  Təbii ki, rəqibin 10 nəfərlə qalması onların oyununa təsir etdi. Ancaq bu o demək deyil ki, qırmızı vərəqə olmasaydı, biz qalib gələ bilməzdik.

- Yəni “Zirə” bu gün “Neftçi”dən güclüdür?

- Biz təsadüf nəticəsində ikinci pillədə qərarlaşmamışıq. Həqiqətən “Neftçi” yaxşı komandadır. Ancaq  “Neftçi” üzərində qələbəmiz ədalətli nəticədir.

- Ötən mövsüm “Bakı”nın heyətində Premyer Liqanın bombardiri oldun. Deyəsən, bunu “Zirə”də etmək çətindir.

- İlk dövrələrdə meydana az çıxırdım. Zədəmi yenicə sağaltmışdım, tam formada deyildim. Artıq stabil oynayıram. Tədircən formamı yığıram. “Bakı”da çıxış edəndə hamı oyunu mənim üzərimdə qururdu. Ancaq “Zirə” kollektiv oyuna üstünlük verir. Burada qol vurmaqdan çox komandanın qələbəsini düşünməlisən.

- “Bakı”da qol vurmağın daha çətin olduğunu demişdin.

- Bəli, hərəsinin öz çətinliyi var. “Zirə”nin heyəti çox güclüdür. “Bakı”da isə taktika fərqli idi. Yəni “Bakı”da bombardir olmaq daha çətin idi. Şükürlər olsun ki, “Zirə”də oyunumu tapıram. Tədricən qollarımı sıralayacağımı düşünürəm.

- Mövsümün sonunda “Zirə” ilə icarə müqavilən başa çatacaq. Komandada qalmaq fikrin var?

- “Bakı” əvvəlki gücünü qaytarsa, mən də qayıdacam. Ancaq indiki halda “Zirə”də qalmaq istəyirəm. Burada hər şey əladır.

- Sabah Azərbaycan kubokunun 1/4 finalında “Qəbələ”  ilə qarşılaşacaqsınız. “Zirə”nin hər iki cəbhədə mübarizə aparmağa gücü çatacaq?

- Bizim heyətimiz genişdir. Məncə, bu sarıdan problemimiz olmayacaq. Əlimizdən gələni edəcəyik ki, kubokda da yolumuzu davam etdirək. “Qəbələ” də bütün gücünü kubok oyununa qoyacaq. Onlar üçün bu oyunun önəmi böyükdür. Çünki çempionatda işləri yaxşı getmir. Çox maraqlı və çətin oyun gözlənilir.

- Liderdən cəmi 4 xal geri qalırsınız. “Zirə” çempionluq yolunda “Qarabağ”a başağırsı ola bilər?

- Həqiqətən 4 xal çox azdır. İstənilən komandadan xal almaq olur. Əvvəllər elə qarşılaşmalar olurdu ki, əvvəlcədən təxmin edirdin ki, filan komanda üç xal qazanacaq. Ancaq indi elə şey yoxdur. Hətta “Qarabağ” - “Rəvan” oyununa da proqnoz vermək olmur. Yəni biz qələbələrimizi sıralamalı və “Qarabağ”ın nəticələrinə fikir verməməliyik.

Ramiq AĞAMƏMMƏDOV

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.