Qol.Az

Nizami Hacıyev: “Rəhbərlik bizə mükafat vəd edib”

[22.02.2016]
Nizami Hacıyev: “Rəhbərlik bizə mükafat vəd edib”

"İnter”in kapitanı Nizami Hacıyevin müsahibəsi
 
- Komandanız qış fasiləsindən sonra ilk 3 oyunda cəmi 1 xal qazanmış, 1 qol vurmuşdu. Nəhayət, "Kəpəz” üzərində qələbə ilə uğursuzluğa son qoydunuz. Buna nəyin hesabına nail ola bildiniz?

- Fasilədən sonra qələbə qazana, istədiyimiz nəticəni əldə edə bilmirdik. Psixoloji durumumuz zəif idi. "Kəpəz”lə oyundan öncə istər-istəməz həyəcan, əsəbilik var idi. Şükürlər olsun ki, özümüzdə güc tapıb ağır oyundan qələbə ilə çıxa bildik. Kimsə deyə bilməz ki, rəqib zəif idi. Əksinə, "Kəpəz” güclü komandadır.

- Vurduğun qolla qələbədə böyük pay sahibi oldun...

- Fərqi yoxdur, qolu mən vurdum, yoxsa başqa futbolçumuz. Bizim üçün önəmli olan 3 xal idi ki, onu da qazandıq. Qarşımıza məqsəd qoyulmuşdu ki, qalib gələk. Qolu konkret kiminsə vurmağı məqsəd deyildi. Əlbəttə, qələbə topunu vurduğuma görə sevinirəm.
 
- Özü də az qol vurduğunuzu nəzərə almalıyıq...

- Cari mövsümdə 3-cü qolum idi. Bu, az da olsa, hər oyunda komandamın qələbəsi üçün çalışıram. "Kəpəz”lə matçda qələbəmizdə əməyim oldu və buna görə şadam.
 
- Bu çempionatda "İnter”i ilk dəfə meydana kapitan kimi çıxardın. Karyeranda belə təcrübə az olub. Sarğı qolunda olarkən hansı hisslər keçirirdin?

- Qış fasiləsində Antalyadakı təlim-məşq toplanışında olduğumuz zamanı bu etimad mənə göstərilmişdi. Əsas kapitanımız Georgi Lomayadır, mən vitse-kapitanam. Lomaya "Kəpəz”lə matçda meydanda olmadığından, sarğını daşıyırdım. Əlbəttə, kapitan olmaq böyük məsuliyyətdir. İstər-istəməz həyəcan hissi, məsuliyyət iki dəfə artır. Bu məsuliyyətin öhdəsindən gəldim, yoxsa yox, bunu mən deyə bilmərəm.
 
- Kapitanın qələbə topunu vurması sənin üçün ikiqat sevindiricidir...

- Bəli. Üstəlik, qızım dünyaya gəlmişdi və qoldan sonra meydanda bunu komanda yoldaşlarımla birgə qeyd etdik. Bunlar məni çox sevindirdi.

- Kapitan olmağın səndə ruh yüksəkliyi yaratdımı və oyununa müsbət təsir göstərdimi?

- Bu amil az-çox var idi. Meydanda rahat idim. Əsas odur ki, məsuliyyət vardı. Futbolçuda məsuliyyət olanda, özünü yaxşı hiss edir.

- "İnter”də maddi vəziyyət necədir?

- Hər şey yaxşıdır. Çatışmayan yeganə şey qələbə idi ki, bunu da qazandıq. Rəhbərlik tərəfindən bizə mükafat vəd olunub. "Kəpəz”lə oyunda pulu, hər bir şeyi kənara qoymalıydıq. Artıq klubda maliyyə vəziyyəti düzəlib. Rəhbərlik tərəfindən bizə göstərilən hərtərəfli diqqət, qayğı var. Bu, yüksək səviyyədədir. Bizim öhdəmizə düşən vəzifə qələbə qazanıb, turnir cədvəlində yüksəlmək, avrokuboklara vəsiqə qazanmaqdır.

Mənbə: sportnet.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.