"Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo İtaliyanın "İnter" klubunu çalışdıracağı iddialarına münasibət bildirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib.
Həftəsonu keçiriləcək "İnter" - "Sampdoriya" matçını "San Siro" stadionundan izləyəcək J.Mourinyo bildirib ki, Milan səfəri bir günlük olacaq:
"Mən özümə klub axtarmıram, klub nümayəndələri mənimlə danışıqlar aparır. Milana Morattinin dəvəti ilə bir günlüyə gəlmişəm. Moratti ailəsi ilə yemək yeyəcəyik, daha sonra isə "İnter" - "Sampdoriya" oyununu izləyəcəyik".
J.Mourinyo "İnter"in baş məşqçisi Roberto Mançinini tərifləyib:
"Mançininin "İnter"də gördüyü işləri bəyənirəm. Ümid edirəm ki, bu klub tezliklə əvvəlki gücünü bərpa edəcək".
J.Mourinyo növbəti mövsüm hansı klubu çalışdıracağı ilə bağlı suala belə cavablandırıb:
"Həqiqətən də bu sualın cavabını bilmirəm. Bircə onu deyə bilərəm ki, mən futbola aşiqəm. Bütün klublara və məşqçilərə hörmətim var. Dediyim kimi özümə klub axtarmıram".
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə