Qol.Az

"Qarabağ"ın neytral meydanda oynaması ehtimalı artır

[28.01.2022]
"Qarabağ"ın neytral meydanda oynaması ehtimalı artır

Konfrans Liqasının 1/16 final mərhələsinin “Marsel” – “Qarabağ” oyununun neytral meydanda keçirilməsi ehtimalı artır.

Qol.az-ın xəbərinə görə, bu gün UEFA nümayəndəsi KL-in pley-off mərhələsinin iştirakçıları olan klubların təmsilçiləri ilə onlayn formada görüş keçirib. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, görüşdə klublardakı vaksinasiya məsələsi müzakirə olunub.

Fransa hansı vaksini qəbul edir?

Məlum olduğu kimi, Fransa hökuməti ölkəyə vaksinasiya olunmayan idmançıları buraxmamaq qərarı verib. Daha dəqiqi, Fransa tərəfi Pfizer/BioNTech, Moderna, AstraZeneca/Vaxzevria/Covishield və Johnson & Johnson vaksinlərindən başqa digərlərini qəbul etmir. “Qarabağ”da isə əksəriyyət Sinovac vaksinindən istifadə edib.

G.Abbaszadə bildirib ki, UEFA vaksinasiya məsələsində 2 meyarı əsas götürüb: “Birincisi, səfərə gedən edən şəxslərin peyvənd olunub-olunmamasıdır. Belə bir hal varsa, bu, birbaşa qonaq komandanın problemidir. İkinci məsələ klubun səfər etdiyi ölkənin həmin vaksini tanımamasıdır. Burada isə məsuliyyət meydan sahibi komandanın üzərinə düşür”. 

“Qarabağ” rəsmisinin sözlərinə görə, bu o deməkdir ki, konkret indiki halda “Marsel” ya yerli hökumətə müraciət edərək istisna hal kimi matçın evdə oynanılmasına icazə almalı, ya da qarşılaşma neytral ölkədə oynanılmalıdır. 

Bəs, Fransa tərəfi “Qarabağ”a bu icazəni verəcəkmi?

Bu gün üçün görünən odur ki, yerli hökumət hər hansı güzəştə hazırlaşmır. Fransanın idman naziri Roksana Marasinyanu bildirib ki, daha əvvəl tennis üzrə Fransa açıq çempionatında iştirak edən əcnəbi idmançılara bu qayda tətbiq edilib. Ona görə də qərar futbolçulara şamil olunacaq.

Qərar gələn həftə çıxarılacaq

G.Abbaszadə bir daha bildirib ki, "Qarabağ"da hamı vaksin olunub, amma vaksinlərin bir çoxunu Fransa qəbul etmir: “Ona görə də "Marsel" hər şeyi öz üzərinə götürərək, məsələnin həllinə çalışmalıdır. Qarşı tərəflə danışıqlarımız olub. Klub hökumətə müraciət edərək istisna hal kimi "Qarabağ"ın Fransaya səfər etməsinə çalışır. Amma Fransa hökuməti güzəştə getməməyə israrlı kimi görünür”.

G.Abbaszadə deyib ki, bütün bunlardan çıxış edərək oyununun neytral meydanda keçirilmə ehtimalının olduğunu söyləmək mümkündür. Bununla bağlı yekun qərar gələn həftə veriləcək.

Qeyd edək ki, “Marsel”- "Qarabağ" matçının fevralın 17-də Fransada, cavab oyununun isə fevralın 24-də Bakıda keçirilməsi nəzərdə tutulub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.