Qol.Az

“Yaxın illərdə güclü milli qurmaq ideyası real deyil”

[23.02.2021]
“Yaxın illərdə güclü milli qurmaq ideyası real deyil”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında millimizin DÇ-2022-nin seçmə mərhələsindəki şansları ilə bağlı iddialı açıqlamalar verib.
 
O deyib: “Qrupa beşinci səbətdən qoşulmuşuq. Amma dördüncü yer məni qane etməyəcək. Gücsüz olduğumuzla bağlı proqnozları alt-üst etməyə çalışmalıyıq. Bütün imkanlarımızla oynamaq əzminə və zəkasına sahib komanda olduğumuzu göstərmək istəyinə inanıram”.

Qol.az-ın müxbiri millimizin baş məşqçisinin fikirləri ilə bağlı tanınmış futbol ekspertlərinə müraciət edib.

Futbol eksperti Emin Abbasov bildirib: “İşin keyfiyyətini, ciddiliyini artırmaq üçün hər bir məşqçinin qarşısına hədəf qoyulmalıdır. Bu hədəfi müəyyənləşdirən tərəf isə məşqçi yox, federasiya olmalıdır. Təəssüf ki, millimizin Millətlər Liqasında nəyi hədəflədiyi bu gün də bizim üçün sirr kimi qalır. Mənə görə, De Byazi istər nəticə, istərsə də oyun baxımından milliyə yeni nəsə gətirməyib. İllərdi görməyə alışdığımız millidir. Açığı, nəyləsə Berti Foqtsun millisini də xatırladır - çox adamla müdafiə olunuruq, müasir, yaradıcı futbola oxşayan heç nə yoxdur. Güc nisbətinə və reallığa baxsaq, bizim bu qrupda yerimiz sonuncu, ən yaxşı halda elə dördüncü yerdir. Açığı De Byazinin nəyə güvənib belə danışması maraqlıdır. Bir tərəfdən adama qadağa qoymaq olmaz ki, iddialı danışma. Digər tərəfdən isə yaxşı haldır ki, özü-özünə hədəf müəyyənləşdirir. Sadəcə AFFA rəhbərliyi qəbul etməlidir ki, yaxın illərdə güclü milli qurmaq ideyası real deyil. Hər il 10 milyon manata yaxın vəsaiti milli komandalara xərcləməkdənsə, büdcədəki həmin vəsaitin yarısını fərqli istiqamətə yönəldib Premyer Liqaya 2-3 yeni klub buraxmaq olar ki, məncə, bu, daha ciddi nəticələr verəcək. Fikir verin, bu gün əksər milli üzvləri formadan düşüb, bəziləri oyun təcrübəsindən əziyyət çəkir”.

Futbol agenti Erkin İbrahimov deyib: “De Byazi italiyalıdır, onun belə fikrlər səsləndirməsi normaldır. Berti Foqst deyil ki, işlədiyi 10 il ərzində inkişaf-yüksəliş planlarından “dəm” vursun. Berti alman dəqiqliyinə həmişə riayət edib. Amma italiyalıla məşqçilər bir növ səs-küyə səbəb olan açıqlamalar verərək, gündəm yaradırlar. Yadınıza gəlirsə Bordin oyundan əvvəl və oyundan sonra marağa səbəb olan açıqlamalar verirdi. Onlar şou yaratmağı sevir. O ki qaldı De Byazinin fikirlərinə, reallığı hər kəs bilir. Amma mən deyərdim bir növ belə fikrlər futbolçularda özünəinam və motivasiya yaradır. İstərdik ki, fikirləri ilə nəticəsi üst-üstə düşsün”. 

Ağa DADAŞZADƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.