Qol.Az

“Bizi döyməyiblər, amma təzyiq ediblər” - Əliyar Ağayev

[01.03.2017]
“Bizi döyməyiblər, amma təzyiq ediblər” - <b style="color:red">Əliyar Ağayev</b>

FİFA referisi Əliyar Ağayev dünən keçirilən “Kəpəz” – “Qəbələ” matçında yaşanan olaylarla və digər məsələlərlə əlaqədar “Qafqazinfo”ya müsahibə verib. Müsahibəni təqdim edirik.


- “Kəpəz” – “Qəbələ” oyununda ən çox müzakirə olunan məsələ qonaqların futbolçusu Nika Kvekveskiriyə verilən qırmızı vərəqədir. Açıqlamanızda demisiniz ki, Nikaya qırmızı vərəqə verməsəydim belə, ikinci sarı ilə meydandan kənarlaşdıracaqdım. Amma birbaşa qırmızı vərəqə və ikinci sarıdan verilən qırmızı vərəqə arasında fərq var. Sanki qərarınızdan əmin deyilsiniz...

- Yox, qərarımdan əminəm. Fikirlərim yəqin sona kimi verilməyib və ya düzgün anlaşılmayıb. Protokola da qeyd etmişəm ki, aqressiv hərəkətdir. Sadəcə bildirmişəm ki, əgər qırmızı vərəqə olmadığını deyirlərsə, orada iki sarı vərəqə də var idi. Yəni birinci cərimə epizoduna görə, sonra isə etdiyi hərəkətə görə cəzalanacaqdı. Çünki “Qəbələ” tərəfi də bildirir ki, sarı vərəqə var idi. Mənim fikrim isə qətidir. Nika aqressiv hərəkət edir.

- Xəbərlər var ki, həmin oyunun fasiləsində “Qəbələ” tərəfi hakimlərə təzyiq edib...

- Bunlar protokolda qeyd olunub.

- Yəni elə hadisələr baş verib?

- Mətbuatdan oxudum ki, yazıblar hakimləri döyüblər. Amma bu yalandır. Hansı zamanda yaşayırıq ki, kimsə kimisə döyə. Amma təzyiq olub. Etiraz ediblər.

- “Kəpəz”in vurduğu qola görə?

- Bəli. Bir az gərginlik oldu. Yan xətt hakimi Rza Məmmədova etiraz edirdilər. Qolun ofsayddan vurulduğunu bildirirdilər. Deyirdilər ki, “oyundankənar vəziyyətdir, niyə görmürsünüz?”. Sırf bununla bağlı idi. Sonradan qırmızı vərəqəni də əlavə etdilər. Bütün bunları protokola yazmışıq. Yəqin ki, AFFA İntizam Komitəsi onları cəzalandıracaq. Amma epizoda hamınız baxmısınız və görünür ki, orada oyundan kənar vəziyyətdən söhbət gedə bilməz.

- “Qəbələ”nin idarə etdyiniz son iki oyununda hakimlərə qarşı etiraz olub, qalmaqal yaranıb. Düzdür, “Zirə” ilə matçda səhvlər birbaşa sizə aid deyildi...

- Biz briqada şəklində işləyirik. Yan xətt hakimi səhv edibsə, bu mənim səhvim sayıla bilər, ya mənim səhvim onun səhvidir. “Zirə” ilə oyunda hakim səhv edib cəzasını da çəkir.

- Belə bir fikir yaranıb ki, komandalar arasındakı söz-söhbətlər, olunan təzyiqlər hakimlərin səhv etməsinin səbəbidir...

- Yox, elə düşünmürəm. Komandalar arasındakı atışmalar, söz-söhbətlər ajiotaj yaradır. Əksinə bu futbola maraq gətirir. Düşünmürəm ki, hər hansı hakim buna görə səhv etsin.

- Səhvlərin Antalyadakı təlim-məşq toplanışından sonra baş verməsi də müzakirə olunur. Sizcə, bunun səbəbi nədir?

- Toplanış onsuz da hazırlıq üçündür. Ora gedəndə kimsə zəmanət vermir ki, hakim səhv etməyəcək. Avropa və ya dünya çempionatından öncə də hakimlərin toplanışı olur. Sonra gəlib turnirdə səhv edirlər. Bizdə də belə şeylər olur. Yəqin ki, bunun səbəbi var. Araşdırmaq lazımdır. Antalya toplanışı çox yaxşı keçdi. Şəxsən mənim özümə əla təsir etdi. Sonra İspaniyanın Malaqa şəhərində top hakimlərin seminarında olduq. Antalyadakı toplanışın nəticəsini gördük. Həm fiziki, həm nəzəri baxımdan özümüzü sübut etdik.

- Amma Ömər Paşayev orada testlərdən keçə bilməmişdi...

- Bu barədə heç nə deyə bilməyəcəm. Çünki biz ayrı-ayrı yerlərdə test verirdik. Kateqoriyalar üzrə idi testlər. Yeni gələnlər başqa yerdə test verirdilər.

- Xaqani Məmmədov yaxınlarda mətbuata açıqlama vermişdi ki, Əliyar Ağayevin Çempionlar Liqası və ya Avropa Liqasının növbəti mərhələlərinə təyinatı gözlənilmir...

- Düzdür. Çünki ora təyinat almaq üçün birinci və ya elit kateqoriyaya sahib olmaq lazımdır. Yalnız dünya çempionatının seçmə mərhələ oyunlarına təyinat ala bilərik. Gözləyək.

- Birinci kateqoriyaya keçidiniz nə vaxt mümkün olacaq?

- Yəqin ki, iyunda. Qaydalarda dəyişiklik etdilər. Kateqoriyadan kateqroiyaya keçid ildə bir dəfə olacaq. Dekabrda bunu gözləyirdik. Amma dəyişikliyə görə yaya qaldı.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.