Qol.Az

Əliyar Ağayev təyinatından danışdı - müsahibə

[26.09.2016]
Əliyar Ağayev təyinatından danışdı - <b style="color:red">müsahibə</b>

Avropa Liqasının qrup mərhələsində keçirilən "Roma" - "Astra" oyununa təyinat alan Azərbaycanın FİFA referisi Əliyar Ağayev bununla bağlı PFL-in saytına müsahibə verib.
Müsahibəni təqdim edirik.


- Sentyabrın 29-da 70 min tamaşaçı tutumuna malik Roma Olimpiya stadionunda keçiriləcək “Roma” – “Astra” görüşündə hakim siz olacaqsınız. Sadəcə, buna görə sizi təbrik etməyə dəyər...

- Təşəkkür edirəm, çox sağ olun...

- Cari futbol ilində neçənci təyinatınızı aldınız?

- Müxtəlif beynəlxalq yarışlarda 7 oyun idarə etmişəm. Avropa Liqasının seçmə mərhələsinin iki oyununda  ədaləti qorumuşam. Eyni zamanda 21 yaşlıların 1,  eləcə də Rusiya və Qana komandalarının yoxlama görüşündə hakim olmuşam. Bundan əlavə final görüşünə təyinat aldığım 19 yaşlı futbolçuların Avropa çempionatının 3 oyunu mənə tapşırılıb.

- Bundan  sonra sizə Avropa Liqasının qrup mərhələsinin oyununun veriləcəyini gözləyirdik. Amma böyük beşlikdən olan “Roma”nın iştirakı ilə keçiriləcək matça dəvət olunacağını düşünmürdük...

- 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Rapid” – “Dinamo Minsk” oyunununda hakimlik etmişəm. Etiraf edim ki, qrupun sonuncu oyunu idi, həmin vaxt hər şey həll olunmuşdu, görüşün nəticə baxımından əhəmiyyəti yox idi. Əsas istəyim ondan ibarət idi ki, yenidən Avropa Liqasının qrup mərhələsinə təyinat alım. Bu dəfə 2-ci turun vacib görüşü bizi gözləyir. Hər bir oyuna maksimum motivasiya ilə çıxırıq ki, səhvlərə yol verməyək. Amma sizinlə razıyam ki, böyük beşlik ölkələrindən olan komandaların görüşünə təyinat almaq əlavə və böyük məsuliyyətdir. İndiyə qədər klub səviyyəsində böyük beşlikdən olan hər hansı bir komandanın oyununu idarə etməmişəm.

- Söhbətlərimiz zamanı dəfələrlə qeyd etmisiniz ki, tanınmış komandaların görüşünü idarə etmək daha asandır. Necə düşünürsünüz, belə oyunlarda əsasən nəyə diqqət eləmək lazımdır?

- Düşünürəm ki, bu tip görüşlərə fiziki cəhətdən tam hazır olmaq lazımdır. Əgər fiziki cəhətdən hazır olursansa, digər maneələri keçmək asan gəlir. Eyni zamanda, psixoloji cəhətdən tam rahat olmalısan. Bu və ya digər komandanın adının üzərində əlavə gərginlik yaratmamalı, oyuna adi qaydada yanaşmalısan.

- Təyinat xəbərini aldıqdan sonra nə kimi araşdırmalar aparmısınız?

- Bilirəm ki, “Roma” ilk oyunda Çexiya “Viktoriya”sı ilə heç-heçə edib, “Astra” isə “Austriya” (Vyana) klubuna uduzub. Hakimlər briqadasına kömək edən stadion nümayəndəsi ilə də danışmışam. Həmin şəxs mənə bildirdi ki, stadionun ot örtüyü yenidir. Komandaların heyətlərinə baxmışıq, turnir cədvəlindəki mövqeyi ilə tanışıq. Ümumi rəy formalaşıb, amma komanda şəkilində bir daha araşdırma aparacağıq.

- Qeyd etidyiniz kimi, Avropanın mərkəzində  oyun idarə edəcəksiniz. Uğurlu idarəçilik bizim üçün 1/8, 1/4  final mərhələsinin görüşləri üçün açar ola bilərmi?

- Vacib turnirlərin daha üst səviyyəli oyunlarını idarə etmək kateqoriyadan asılıdır. Məqsədimiz odur ki, briqada şəkilində veriləcək hər bir təyinatın öhdəsindən layiqincə gələk. Dekabr ayına qədər veriləcək oyunlardan üzüağ çıxmaq ən ali məqsədimizdir. Düşünürəm ki, səlahiyyət sahibi olan komitə tərəfindən “Roma” kimi komandanın oyununa xüsusi nəzarət olacaq. Dekabra qədər yaxşı qiymətlər alıb, 1-ci kateqoriyaya yüksəlmək istəyirik. Məhz bundan sonra yarışların söylədiyiniz mərhələsinə təyinat almaq real olacaq. Hazırkı vəziyyətdə real görünmür. İndiyə qədər belə bir hal olmayıb.

- Avropa Liqasının “Roma” – “Astra” görüşündən 3 gün sonra Azərbaycanın “Avropa derbisi”  var. Avropa Liqasında çıxış edən “Qəbələ” - “Qarabağ” görüşündən öncə diqqətlər Əliyar Ağayevin üzərindədir. Təyinat alacağınız təqdirdə, ardıcıl iki Avropa Liqa  “oyunu” sizin üçün çətin olmaz?

- Hər iki komandamıza Avropa Liqasının qrup mərhələsində uğurlar arzu edirəm. Təyinat məsələsinə gəldikdə, bu, sırf Hakimlər Komitəsinin səlahiyyətindədir. Romadan qayıtdıqdan sonra komitə sədri ilə söhbətimiz olacaq. Oyun, ümumi atmosfer, fiziki durumum barədə müzakirələr aparacağıq. Bundan sonra “Qəbələ” – “Qarabağ” oyununu idarə etməyim məsləhət olarsa, işimi həyata keçirəcəyəm. Amma düzgün qeyd edirsiniz ki, təyinat alacağım təqdirdə, bir həftə ərzində Avroliqa səviyyəsinə bərabər iki görüş idarə etməli olacağam.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.