Qol.Az

“Sabah başqa planlarımız var” – Qurban Qurbanov

[24.08.2016]
“Sabah başqa planlarımız var” – Qurban Qurbanov

“Bu, ən vacib oyunlarımızdan biridir. Artıq rəqibimizi daha yaxından tanıyırıq. Görüşə yaxşı hazırlaşmışıq. Rəqib ciddi komandadır”.

Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Ağdam klubu Avroliqanın pley-off mərhələsinin cavab oyununda “Göteborq”la qarşılaşacaq. “Qarabağ”ın çalışdırıcısı bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

Qurban Qurbanov sabahkı görüşün komandası üçün mühüm əhəmiyyət kəsb edtdiyini bildirib: “Müdafiədə diqqətli oynamalıyıq. Rəqibə qol imkanı yaratmağa imkan verməməliyik. Təhlükəli yerlərdə qaydanı pozmamalıyıq. İlk oyunda cərimə zərbəsində qol buraxmışıq. Ona görə də bu dəfə ehtiyatlı olmalıyıq”.

“Qarabağ”ın baş məşqçisi yeni transfer Dino Ndlovun sabah start heyətində olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Bu barədə hələ qərar verməmişəm. Onun bir az artıq çəkisi var idi. Üzərində xeyli çalışıb. Start heyətdə meydana çıxacağı gözlənilmir. Eləcə də Namiq Ələsgərovun start heyətinə düşmə ehtimalı azdır”.

Qurbanov qol epizodları üzrə çalışdıqlarını qeyd edib: “Futbolçuların motivasiyasını daha çox artırmalıyıq. Maksimum çalışmalıyıq ki, şanslarımızı dəyərləndirək. Bəzən olur ki, bombardir 4-5 tur qol vura bilmir. Belə hallar olur. Rəqibini oyununu da nəzər almaq lazımdır. Mən də futbolçu olmuşam. Futbolçu belə hallarla tez-tez qarşılaşır. Bunun üzərində daha çox çalışmaq lazımdır”.

“Qarabağ”ın çalışdırıcısı “rəqibin sürprizinə hazır olmalıyıq” deyib: “Oyunumuzu rəqibə görə qururuq. Son zamanlar müdafiə futboluna diqqət verən komandalar nəticə əldə edirlər. Avropa çempionatında da bunun şahidi olduq. Bu turnirlərdə də belə olur. Rəqibin doğma sistemi 4-4-2-dir. Sabah da belə oynayacaqlar. Həmişə 2 sırf hücumçuları olur. Yaxşı əks hücumlar qururlar. Ancaq bizdə fərqlidir. Hücumda daha çox futbolçu olur. Oyunçular mövqelərini tez-tez dəyişirlər. Rəqib bizim üçün sürpriz hazırlaya bilər”.

Qurban Qurbanov penaltilər seriyası barədə düşünmədiklərini söyləyib: “İstəməzdim ki, oyun penaltilərə getsin. Amma hər şeyə hazır olmalıyıq. Soyuqqanlı olmaq lazımdır”.

“Komandada psixoloji cəhətdən vəziyyət necədir” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Hər şey normaldır. Son iki ildə qrupa düşmüşük. Azarkşlərimziin önündə oynayacağıq. Hər hansı psixoloji gərginlik varsa, buna sevinirəm. Çünki oyunçu təzyiqi hiss edir və nəticə qazanmaq istəyir. Məşhur Azərbaycansayağı künc zərbəsindən istifadə etmək fikrimiz yoxdur. Sabah başqa planlarımız var. Artıq rəqiblər bu hiyləni bilirlər”.

Sonda Qurban Qurbanov “Qəbələ”yə uğurlar arzu edib: “İlk oyunda yaxşı nəticə əldə ediblər. Onlara uğurlar arzu edirəm. İnşallah yaxşı nəticə ilə qayıdarlar. Həyatda asan heç nə yoxdur. Hər ikimizin işi çətindir. Arxayınlaşmaq olmaz”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.