Qol.Az

“Şahmat olimpiadasına böyük həvəslə hazırlaşırıq”

[02.08.2016]
“Şahmat olimpiadasına böyük həvəslə hazırlaşırıq”

Bakı Şahmat Olimpiadasında mübarizə aparacaq qadınlardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir.

Qol.az saytı xəbər verir ki, zəriflərimiz məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev, Sərxan Quliyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşır.
 
Hazırlıq haqda Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verən Fikrət Sideyifzadə bildirib ki, Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədi: “Olimpiadada 180-ə yaxın ölkə iştirak edəcək. Bu isə o deməkdi ki, Bakıda dünyanın istənilən nöqtəsindən komandalar mübarizə aparacaq. Meydan sahibi kimi yaxşı nəticə göstərməyə çalışacağıq. Bu günlərdə Qəbələdə ikinci təlim-məşq toplanışında iştirak edirik. Şahmatçılarımız yarışa çox ciddi hazırlaşırlar. Məşqlər gün ərzində 6-7 saat təşkil edir. Qadın şahmatçıların səylə hazırlaşmasından razıyam. Əsas diqqət debüt açılışına, partiyanın sonluğuna yönəlir. İnanıram ki, olimpiadada komandamız yaxşı çıxış etməklə layiqli yerini tutacaq".
 
Digər məşqçi Sərxan Quliyev isə şahmatçıların böyük həvəslə məşq etdiklərini vurğulayıb: “Bu, komandanın ikinci hazırlığıdı. Şahmatçılar məsuliyyəti başa düşürlər. Məşqlər zamanı debütlə yanaşı, rəqiblərin oyununu da müzakirə edirik. Olimpiadada qadın komandaların arasında ciddi rəqabət olacaq. Buna görə də, rəqiblərin oyunları mütləq təhlil olunmalıdı. Olimpiadaya qədər daha iki toplanış planlaşdırılır. Əvvəlcə Gürcüstan yığmasıyla yoldaşlıq görüşündə iştirak edəcəyik. Son hazırlıq isə avqustun 19-da başlayacaq. İnanıram ki, qadın şahmatçılarımız olimpiadaya tam hazır olacaqlar".

Qeyd edək ki, ikinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.