Qol.Az

Simeone: "Çempionlar Liqasının qalibi olmaq istəyirik"

[04.05.2016]
Simeone: "Çempionlar Liqasının qalibi olmaq istəyirik"

"Dünyanın ən güclü komandasına qalib gəldik. "Bavariya" birinci hissədə möhtəşəm oynadı. Onların oyununu çox bəyəndim.  İlk hissədə hesabı bərabərləşdirə bilmədik, amma Yan Oblak penaltini dəf edərək bizi həvəsləndirdi".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçından (2:1) sonra deyib.

O, ikinci hissədə daha fərqli oyunun olduğunu bildirib: "Karraskonun meydana daxil olması oyunu dəyişdirdi. Daha çox əks hücumlar etməyə başladıq. Nəticədə finala yüksəldik. Dünyanın ən yaxşı 3 komandasından 2-ni bu turnirdə mübarizədən kənarlaşdırdıq".

Argentinalı mütəxəssis 2 il öncə ÇL-də final oynayan "Atletiko" ilə indiki arasında heyətdə çoxlu fərq olduğunu bildirib:

"O zaman heyətimizdə David Vilya, Dieqo Kosta, Sosa, Raul Qarsiya kimi futbolçular var idi. Bu gün Koke, Saul, Karrasko, Qrizmann kimi oyunçulara sahibik. Bundan əvvəl Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə səfər oyununa 3:1 hesablı üstünlüklə getmişdik. Bu mövsüm isə daha güclü rəqiblə oyunda az üstünlüklə finala adımızı yazdıq. Ümid edirəm ki, həlledici matçda da şans bizim tərəfimizdə olacaq. Finalda hansı komanda ilə qarşılaşacağımızın fərqi yoxdur. Çempionlar Liqasının kubokunu qazanmaq istəyirik".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.