Qol.Az

Tahir Süleymanov: "Oyunda 1 "qırmızı" olmalıydı, o da hakimin özünə..."

[18.03.2016]
Tahir Süleymanov: "Oyunda 1 "qırmızı" olmalıydı, o da hakimin özünə..."

Sabiq FİFA referisi Tahir Süleymanov dünən Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Braqa" - "Fənərbaxça" matçının idarəçiliyi haqda danışıb.

Qol.az-ın "Qaynar.info"ya istinadən verdiyi məlumata görə, T.Süleymanov xorvatiyalı referi İvan Bebekin Türkiyə təmsilçisinin əleyhinə biabırçı qərarlar çıxardığını bildirib:

"Hər zaman deyirəm. Hakimlik futbolda çox önəmli faktordur. Sərf etməyənlər razılaşmaq istəmir. "Braqa" - "Fənərbaxça" oyunu bunu bir daha sübuta yetirdi. Baş hakim oyunu çox aşağı səviyyədə idarə etdi. 2-ci hissədə 11 metrlik zərbə, qırmızı vərəqəyə qədər 2-3 epizodda "Fənərbaxça"nın futbolçularına açıq-aşkar kobudluğa görə rəqib oyunçulara "sarı" göstərilmədi. 11 metrlik cərimə zərbəsi və qırmızı vərəqə isə hakimlik adına xəyanətdir, biabırçılıqdır".

Daha sonra Mehmet Topalın penalti epizoduna və 2-ci sarı, ardından qırmızı vərəqə ilə meydandan qovulmasına münasibət bildirən T.Süleymanov deyib: "1. Zərbə anında rəqiblə, üstəlik, topla "Fənərbaxça"lı futbolçu arasında oyun məsafəsi yox idi. 2. Zərbə çox sürətli alındığından və məsafə olmadığından, türk futbolçu topun trayektoriyasını görmədiyindən, qarşısını əli ilə bilərəkdən ala bilməzdi. 3. "Fənərbaxça"nın futbolçusu topun sürətindən yayınmaq və özünü qorumaq məqsədilə əllərini sinəsinə tərəf yığaraq təbii futbol hərəkətilə topdan yayınmaq istəyirdi. 4. Top Topalın bədənə bitişik olan (açıq əl deyildi) əlinə çarpıb qapı xəttindən çıxdı. 5. Qərar künc zərbəsi olmalıydı... Hətta topun qapı istiqamətinə getdiyinə görə səhv olaraq 11 metrlik verilibsə, sarı və ya qırmızı vərəqə göstərmək absurddur. Çünki futbolçu bilərəkdən əli ilə oynamamışdı....

Oyunun ipi əldən çıxdığına, futbolçular özlərini cilovlaya bilmədiyinə görə sonrakı qırmızı vərəqələr doğru qərar idi. Amma oyunda 1 "qırmızı" olmalıydı, o da hakimin özünə göstərilməli idi..."

Qeyd edək ki, Bebek oyun ərzində 12 sarı, 3 qırmızı vərəqəyə əl atıb. Bu sarı vərəqələrdən 10-u və "qırmızı"ların hamısı "Fənərbaxça"nın əleyhinə olub. Üstəlik, Mehmet Topalın etdiyi hərəkət penalti kimi qiymətləndirilib ki, bu da əsas müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, Portuqaliyada baş tutan görüşdə "Fənərbaxça"ya 4:1 hesabı ilə qalib gələn "Braqa" 1/4 finala adlayan tərəf olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.