Qol.Az

“Qurban Qurbanov Azərbaycan məşqçiliyinin brendidir” - Ayxan Abbasov

[14.01.2020]
“Qurban Qurbanov Azərbaycan məşqçiliyinin brendidir” - <b style="color:red"> Ayxan Abbasov</b>

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov geniş müsahibə verib. O, komandadakı fəaliyyətindən, klubun gənc futbolçuların inkişafına yönələn strategiyasından, “Sumqayıt”la bağlı ən çox yayılan fikirlərdən, ölkə futbolunun gündəmində olan bir sıra məsələlərdən danışıb.


“Kimlərisə Azərbaycan futboluna qazandırmışıqsa, deməli, düzgün yoldayıq”


- Hazırlıq necə gedir?

- Mövsümün ilk hissəsi bitən kimi bizim hazırlıq planlarımız məlum olur. Əvvəldən nə qədər istirahət olacağı, futbolçuların nə zaman komandaya qoşulacağı, yüklənmənin səviyyəsini bilirdik. Sevindirici məqam odu ki, zədəlimiz yoxdur. İstirahətdən sonra oyunçuların futbol üçün darıxdığını görürük və istədiyimiz dinamikanı alırıq. Ümumən toplanış normal gedir.

- “Sumqayıt”ın futbolçu transferi ilə bağlı bəlli bir xətti var ki, heyətə legioner cəlb edilmir. Həmin xətt bu transfer dönəmində də davam edəcəkmi?

- Bu, bizim komandanın fəlsəfəsidi. Mən komandaya gəlməzdən öncə bu barədə danışmışdıq. Biz yerli gənc futbolçularla yanaşı ölkədən xaricdə yaşayan azərbaycanlı oyunçulara da şans veririk. Bunu normal qəbul etmək lazımdır. Kimlərisə Azərbaycan futboluna qazandırmışıqsa, deməli, düzgün yoldayıq. Öz işimizi bu istiqamətdə davam etdiririk.

- Belə çıxır ki, legioner gözlənilmir...

- Xeyr. Planımızda belə bir şey yoxdur. Futbolçulara da, rəhbərliyə də transfer haqda fikirləşmədiyimi demişəm. Əlbəttə, hər məşqçi yeni oyunçu istəyər. Ancaq əgər biz transfer etsək, elə bir futbolçu gəyirməliyik ki, hazırda əlimizdə olanlardan daha yüksək səviyyədə olsun. Bu gün bizə belə bir futbolçu təklif olunmayıb. Ona görə də transfer haqda düşünmürük. Əlimizdə olanlarla daha çox çalışırıq ki, qarşımıza qoyduğumuz məqsədlərə çata bilək.

- Bunda büdcənin azlığının da rolu varmı, yoxsa sadəcə klubun fəlsəfəsinə görədir?

- Hər iki amil var. Açıq danışsaq, istədiyimiz futbolçular bu gün iddialı klublarımızda oynayır. Desəm ki, komandamızda yeni futbolçu görmək istəmirik, yalan olar. Söhbət yerlilərdən gedir. Çempionatda bəyəndiyimiz oyunçular var ki, onlar klublarında az şans qazanır, amma bizdə lider ola, milli komandaya yolları açıla bilər. Ancaq futbolçuları da başa düşürük, onlar təkcə oynamağı yox, maliyyəni də fikirləşirlər. Ona görə də həmin futbolçuları dəvət edə bilmirik. Digər tərəfdən, bizə təklif edilən oyunçular gəlib ehtiyat skamyada oturacaqlarsa, bunun da əhəmiyyəti yoxdu. Öz gənclərimizin qarşısını almamaq üçün belə transferlər haqda düşünmürük.


“Sumqayıt”a gələndə yaxınlarım riskə getdiyimi deyirdilər”


- Klubun fəlsəfəsi bir məşqçi kimi hər hansı formada sizin fantaziyalarınıza mane olurmu?

- “Sumqayıt”dan dəvət gələndə bir çox yaxın adamlar riskə getdiyimi deyirdilər. Ancaq mən hara gəldiyimi bilirdim. Burda böyük məbləğlərə transferlər edə bilmirik. Amma bir sistemi oturtmaq, özümü belə bir işin başında görmək mənim üçün bir sınaq, təcrübə idi. İlk gündən içimdə hər hansı tərəddüd olmayıb. Düzdü, qarşımıza böyük tələblər də qoyulmayıb ki, medal qazanmalısız və ya Avropaya getməlisiz. Ancaq biz özümüz nəticə qazanmaq istəyirik, futbolçular qalib ruhunda inkişaf etməlidi. Bizim bura dəvət etdiklərimiz kiçik məbləğə gəlsələr də, öz oyunları ilə göstərirlər ki, çempionatdakı yüksəködənişli legionerlərdən geri qalmırlar. Bu da seleksiyanın düzgün olmasınin nəticəsidi. Bizim böyük seçimimiz yoxdu. Mən “Zirə”də işləyəndə 100-200 futbolçuya baxırdıqsa, burda 20 oyunçu arasından 5-6-nı transfer edirik. Sonradan görünür ki, düzgün seçim etmişik.

- Seçim demişkən, bildiyimə görə, “Neftçi”nin bir neçə gün əvvəl heyətinə qatdığı Saman Nəriman Cahan daha əvvəl sizə təklif olunub, ancaq Peyman Babayini seçmisiz. Həmin futbolçu haqda fikirləriniz maraqlıdır...

- O vaxt biz iki transfer həyata keçirdik. Bir Peyman gəldi, bir də Adil Nağıyev. Atilla Yıldırımdan imtina etməyimizdən sonra hücumçu lazım idi. Həmin zaman bizə İranda çıxış edən Azərbaycan əsilli futbolçular təklif olunmuşdu. Peyman da, Nəriman Cahan da “Maşınsazi”də oynayırdı. Peyman mərkəz hücumçusu olduğundan onu götürdük. Nəriman Cahanı da bəyənmişdik, çox sürətli futbolçudu. Ancaq o, daha çox cinahlarda çıxış edir.

- Çempionatın ən gənc heyətə malik komandasının ilk yarını 4-cü pillədə başa vurması bir qədər gözlənilməz oldu. Hazırda sizin avrokuboklara getmək üçün real şansınız var. Fasilədən sonra əvvəlki fəlsəfəni davam etdirəcəksiz, yoxsa ələ düşən şansa görə daha çox təcrübəli futbolçulara güvənəcəksiz ki, avrokuboka vəsiqə qazanasız?

- Eyni iş davam edəcək. Biz sırf gənclər oynasın deyə, bu addımı atmırıq. Cavan oyunçuların inkişaf etməsini istəyirik və artıq bunu görürük. Bura 8 limit futbolçusu ilə gəlmişik. Hətta 3-cü qapıçımızın cəmi 16 yaşı var. Akademiyamızdan bir futbolçu da dəvət etmişik. Çalışırıq ki, öz yetirmələrimizə şans yaradaq. Bəlkə də, mövsümün startından öncə “Sumqayıt”ın belə çıxışı gözlənilmirdi. Bizdə ikiqat məsuliyyət var ki, digər klubların komandamıza yanaşması dəyişir, artıq daha ciddiyə alacaqlar. İki ildi kubokda “Neftçi” kimi rəqibi mübarizədən kənarlaşdıra bilirik. Bu, futbolçuların inkişafından xəbər verir. Gənclər “Qarabağ”, “Neftçi”, digər iddialılara qarşı oynadıqca artırırlar. Yenə cavanlara üstünlük verəcəyik. Onların hazırlığı önəmlidir.


“Klublarımız tək futbolçu yox, məşqçi də yetişdirməlidi”


- Burda gənclərlə daha çox işləyirsiz. Necə fikirləşirsiz, onların bünövrəsi düzgün qoyulubmu?

- Bu, çox geniş mövzudur və ən yaralı yerimizdir. Bizdə “Spartak”ın, “Zenit”in yetirmələri var, həmin məktəbi görüblər. Açığı, mən onlardakı fərqi görürəm. Bizdə təməl daha mükəmməl olmalıdır. Hazırda bu baxımdan digər ölkələrdən geri qalırıq. İnkişaf etmək lazımdır.

- Problem uşaq məşqçilərindədir?

- Kompleks problemdir. Desək ki, uşaq məşqçilərimiz zəifdir, bir bəhanə kimi günahı onların üstünə atmış olarıq. Keçən dəfə bir verilişdə bu məsələ müzakirə olundu. Orda belə bir ifadə işlətdim ki, bu gün klublarımız məşqçi də yetişdirməlidir. Biz o məşqçiləri hazırlamaq üçün nə edirik? – bu sualı da vermək lazımdır. Sevindirici haldı ki, 10 il əvvələ baxanda akademiyada işləyən məşqçilər çoxdur. Onlar buna həvəslidilər, ancaq əvvəllər heç kim akademiyada işləməkdə maraqlı deyildi. Çünki maddi cəhətdən, şərait baxımından çətinlik var idi. Bu məsələlər belə deyək, “yola verilirdi”. 5-6 məşqçi var idi ki, ancaq onların adı hallanırdı. Bu gün isə say artıb. Məşqçilərin inkişafı üçün isə praktika lazımdır. Bunu onları digər ölkələrə 1-2 aylıq təcrübə toplamağa göndərməklə həll etmək olar. Tək akademiya məşqçilərinə yox, bizim özümüzə də lazımdır. Çünki futbol inkişaf edir, dünən yaxşı olan bu gün artıq pisdir. Biz yerimizdə saysaq, bu, gənc futbolçulara də pis dəsir edər.

- Mövsümün ilk yarısında “Sumqayıt”la bağlı bir məsələ çox müzakirə olundu. Söhbər Aleksey İsayevlə baş verənlərdən gedir. O, komandaya gələndən sonra ilk mövsümdə özünü yaxşı tərəfdən göstərdi, hətta milliyə çağırıldı. Keçən yay isə komandadan uzaqlaşdı. Mövsümün gedişində yenidən qayıtdı və qısa müddət sonra əsas komandada meydana çıxdı. Onunla nə baş vermişdi?

- Aleksey “Sumqayıt”ın tapıntılarından biridir. Ötən mövsüm ən kritik oyunlarımızda liderlik keyfiyyətini göstərən futbolçulardan idi. Yayda o, komandadan ayrılmaq istədi. Əgər biz gənclərdən danışırıqsa, bu məqamı da mütləq qeyd etməliyəm ki, bu gün futbolçularımızın düzgün məsləhətə, yanlarında onlara doğru yol göstərəcək şəxslərə ehtiyacı var. Bir çox digər komandalarda da gənclərimiz karyeraları ilə bağlı yanlış addım atır. Menecerlər, dostları tərəfdən nəyəsə həvəsləndirilirlər və sonra bunun ağrısını çəkirlər. Həmişə gənclərimizə deyirəm ki, bu yaşda stabil oynamaq ən qiymətli şeydi. Hansısa iddialı komandaya gedib ehtiyatda qalmaq gənc perspektivli oyunçunu bir növ səhnədən sala bilər. Alekseyə də təsir etmişdilər, yol ayrıcında qalmışdı və getmək istəyirdi. Ancaq sonradan səhvini başa düşüb, geri qayıtdı və biz də onu yenidən komandaya qəbul etdik. Alekseyin 1 il oynamaması mənə çox pis təsir edərdi. Həmişə söhbətlərimdə ona deyirdim ki, heç bir futbolçu bu qədər müddət futboldan kənar qaldıqdan sonra qayıdıb həmin performansı göstərəcəyinə arxayın ola bilməz. Ona görə də o, başa düşdü, qayıtdı. İki həftə əvəzedici heyətdə oldu. Orda onun necə istəkli olduğunu gördük, əsas komandaya can atırdı. Alekseyə inamımı göstərmək üçün tam hazır olmayanda belə, meeydana buraxdıq. O, çox istəkli idi. Xarakter göstərib, ideal formasına yaxınlaşdı.


“Həmin sevinci pulla almaq mümkün deyil”


- İndi işlər qaydasında olsa da, “Sumqayıt”a gəldikdən sonra 2-3 dəfə istefa verib, getmək istəmisiz. Səbəb nə idi?


- Əslində, 3 dəfə olmayıb. Məşqçi həmişə eyni yerdə qalmır. Digər tərəfdən, hərənin öz yanaşması, iş prinsipi var. Mən də təzə idim, bəzi anlaşılmazlıqlar olurdu. Atalar sözü var ki, çəkişməsən, bərkiməzsən. Komandaya gələndə 6 məğlubiyyət var idi. Ancaq klub mənə inandı, prezidentimiz dedi ki, biz əl-ələ verib durumdan çıxa bilərik. Keçən il qış fasiləsinə qədər “Neftçi”, “Səbail” kimi komandalarla oyunlarda nəticə qazanmışdıq. Qışdan sonra yenidən “qara zolağ”a düşdük, ancaq bu dəfə də rəhbərlik yanımızda oldu. Bundan sonra uğurlu seriya yaxalayıb, ilkə imza atdıq və kubokun finalına çıxdıq. Hər yerdə olduğu kimi, burda da anlaşılmazlıqlar olurdu. Bunlar sırf nəticə ilə bağlı deyildi, bəzi digər səbəblərdən idi. Danışa-danışa hər şeyi yoluna qoyduq. Bu gün bilirlər ki, Ayxan nə istəyir və mən bilirəm ki, klub məndən nə gözləyir. Futbolçular da hər şeyi dərk edir. İşimizə davam edirik.

- “Sumqayıt”da stabil nəticələriniz olsa da, futbol camiəsində portretiniz daha çox “Zirə” ilə yanaşı görülür. Ordan gedişinizlə bağlı təəssüratınız mənfidir, yoxsa müsbət?

- Bu gün analiz edəndə mənim üçün xeyrlidir. Yaxınlarım da deyirdi, hətta belə bir ümumi fikir var idi ki, Ayxan “Zirə”dən başqa heç yerdə işləyə bilməz. Bunu da normal qarşılayıram. Çünki ilk 6 aydan sonra artıq mən “Zirə”də idim. Əvvəl Adil Şükürovun köməkçisi kimi çalışdım, bir müddət əvəzedici komandanın baş məşqçisi oldum. Klubun inkişafı üçün əlimdən gələni etmişdim. Yaxşı nəticələrimiz, uğurlarımız da oldu. “Zirə” mənim üçün doğma idi. Hətta nəticələr pis olanda rəhbərlik arxamızda dayanırdı. Ancaq bir yerdə ayrılmaq lazım gəldi. Mən də Premyer Liqanın başqa klubunda işləmək, yeni təcrübə şansı qazandım. “Zirə”də yaşadıqlarıməzın hər biri böyük xatirələrdir. Bu gün isə rəqibimizdir. Hazırda “Sumqayıt”dayam, burda da ilklərə imza atmaq istəyirəm.

- Ardıcıl iki il “Neftçi”ni kubokdan kənarlaşdıran, bu mövsüm çempionatda “Qarabağ”ı məğlub edən yeganə komandanın baş məşqçisi olmaq necə hissdir?

- Yaxşı hissdir. Futbolçulara da deyirəm ki, həmin qələbələrdən sonra sevinməyimiz, bunu bir-birimizlə bölüşməyimizi maddiyyatla ala bilmərik. Bu gün kimsə gəlib desə ki, sizə mükafat veririk, “Neftçi” ilə oyundan sonrakı kimi sevinin – elə sevinə bilmərik. Və ya “Qarabağ”ı məğlub edəndən sonra yaşadıqlarımız kimi. Çox yaxşı hisslərdir. İstəyirəm, bu qələbələr futbolçularıma müsbət təsir etsin və inansınlar ki, məğlubedilməz komanda yoxdur. Nə qədər usta futbolçular olsa da, görürsən ki, kollektiv ruhu, istək, mehribanlıq onlara qalib gələ bilir. Komanda həmin oyunlarda çox mübarizə aparıb, əziyyət çəkib və mənə elə gəlird ki, qələbəni haqq edib.

“Limitin dəyişdirilməsi bizim ziyanımıza olar”


- Limit məsələsi ölkədə çox müzakirə olunur. Belə bir problemi olmayan baş məşqçinin fikirləri maraqlı olardı...

- Məncə, klublarda ilk transfer limit oyunçusu olmalıdı. Əgər klublar avrokuboklar uğrunda mübarizə aparırlarsa, ən yaxşı limitə uyğun futbolçuları almalıdılar. Təəssüf ki, çox zaman limitə məcburi yanaşırıq. Düşünürük ki, bunu sonra edərik, filankəsi qoyarıq ora və s. Tək bizdə deyil, bir çox ölkələr bundan istifadə edir. Bu gün Azərbaycan futbolunun inkişafından danışırıqsa, bu da bir köməkdir. Nələrisə itirə bilərik, ancaq son üç ili götürsək, limit sayəsində nə qədər futbolçu üzə çıxıb. Məsələn, “Zirə”də İlkin Muradov, Vüsal İsgəndərli, Vüqar Mustafayev – bəlkə də, limit olmasaydı, həmin futbolçular bu gün Premyer Liqada oynamazdı, əvəzində legionerləri oynadardıq. Klublar seleksiya zamanı komandanın üslubuna uyğun limit oyunçusu tapmağı da düşünməlidir.

- Bəs legioner limiti?

- Yəqin ki, legioner limiti dəyişdirilsə, bizə ziyan olacaq (gülür). Biz belə futbolçulara baxmırıq. Bu gün bəzi fikirlər var ki, azərbaycanlı futbolçular limitə görə rahat olurlar, bu aradan götürülməlidi və s. Sual çıxır ki, biz hansı legionerləri dəvət edəcəyik? Mən futbolçu olanda limit 7+4 idi, həmin zaman “Göyəzən”, “Karat” kimi komandalar sırf legioner olsun deyə, ən ucuz gəlmələri gətirib çempionata salmışdı, hansısa yerli futbolçunun yerində oynadırdı. Legioner yerlindən güclü olmalıdı. Buna da tam əməl edilmir. Analiz etsək, nə qədər legioner gəlir, əsas heyətə düşmür, 2-3 il oynayır və gedir. Bundan futbolumuz nə qazanır? Məncə, indiki limit normaldı və bunu bir neçə il də saxlasaq, yaxşı olar.

- Sumqayıtda Mehdi Hüseynzadə adına stadion təmir edilməyə başlanıb. Ancaq hələ dəqiq deyil ki, kluba veriləcək, ya yox. Bir məşqçi kimi gözləyirsizmi komandanı orda meydana çıxarmağı? Çünki hazırkı stadionda tribuna sayı azdı və hətta azarkeşlər kənarda dayanıb oyunlarınıza baxmaq məcburiyyətində qalırlar...

- Bu gün ən yaxşı azarkeşlərdən biri “Sumqayıt” azarkeşləridir. Çünki komandanı, futbolu çox istəyirlər. “Sumqayıt”la yatıb-duran, hətta məşqlərimizi belə buraxmayan azarkeşlərimiz var. Əlbəttə, biz də istərdik ki, tribunalar tam dolsun, böyük stadionda oynayaq. Sumqayıt bunu haqq edir. Bəzi şəhərlərimiz var ki, futbol şəhəri olmadığını deyirik. Ancaq Sumqayıt futbol şəhəridi. Çünki burda bir çox milli üzvü yetişib, yaxşı ənənəsi olub. Bu gün də aakademiyaya böyük axın var. Deməli, Sumqayıtda futbolu sevirlər. O ki qaldı stadiona, əlbəttə, qismət olar, əsas komanda orda oynayarsa, buna sevinərəm ki, elə stadionda böyük azarkeş dəstəyinin qarşısında mübarizə aparacağıq.


“Neftçi”yə qarşı xüsusi köklənmirik, sadəcə, elə görünür”

- Ənənəvi bir sualı verəcəm: Deyirlər ki, komandanız sanki “Neftçi”yə qarşı xüsusi köklənir. Bu, belədir, ya belə görünür?

- Belə görünür. Yəqin ona görə ki, oyunlarımız gərgin keçir, onların da, bizim də qalib gəldiyimiz matçlar olur. Səbəblərdən biri də odu ki, keçən il bizə qarşı oyun onlara çempionluq yolunda böyük zərbə olmuşdu. Amma sırf “Neftçi”yə və ya “Qarabağ”a qarşı köklənmək baxımından qeyri-adi bir şey etməmişik. “Zirə”yə qarşı, “Səbail”ə qarşı necə kökləniriksə, “Neftçi ilə də belədir.

- Səmimiliyinizə inanaq?

- Tam səmimi deyirəm. Digər tərəfdən, futbolçuların özündə artıq motivasiya ola bilər. Düşünə bilərlər ki, Çempionlar Liqasında çıxış edən “Qarabağ”a qarşı oynayırıq və ya adlı-sanlı, futbolumuzun “flaqman”ı “Neftçi”di rəqibimiz. Bu, tək Azərbaycanda deyil. Elə qonşu Türkiyəni götürsək, hər hansı komanda “Fənərbağça” və ya “Qalatasaray”a qarşı tamamilə başqa cür motivasiya olunur. “Qarabağ” və “Neftçi”yə qarşı gənc futbolçularımızın özlərini göstərmək üçün daha artıq canfəşanlıq etməsi normaldı.


“Qurban Qurbanov Azərbaycan məşqçiliyinin brendidir”


- İndi bir neçə ad, söz birləşməsi səsləndirəcəm və sizin ilk düşündüklərinizi bilmək maraqlıdır.

- Buyurun.

- Roberto Bordin...

- “Neftçi”nin baş məşqçisi.

- Milli komanda...

- Qürurumuz.

- Riad Rəfiyev, Kamran Quliyev...

- Riad Rəfiyev “Sumqayıt”ın, Kamran Quliyev “Neftçi”nin prezidenti.

- Qurban Qurbanov...

- Azərbaycan məşqçiliyinin brendi.

- Milli komandanın gələcəyi...

- (Fikirləşir) Düzgün seçim, düzgün qərarlar və düzgün yol seçmək.

- AFFA...

- Azərbaycan futbolunu idarə edən qurum.

- Necə?

- Buna mən qiymət verə bilmərəm.

Mənbə: FutbolPress.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.