Qol.Az

Yurçeviçdən Premyer Liqamızla bağlı yeni açıqlama

[15.04.2019]
Yurçeviçdən Premyer Liqamızla bağlı yeni açıqlama "Yəqin ki, 10 gün ərzində təlim-məşq toplanışının yeri və vaxtı bəlli olacaq".

Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib. Şəxsi işləri ilə bağlı ölkəsində olan xorvatiyalı mütəxəssis yığmanın qarşıdakı toplanışı ilə bağlı danışıb. O, heyətdə yeni futbolçuların ola biləcəyini istisna etməyib:

"Futbolçular mövsümü fərqli vaxtlarda başa vururlar. Onların hamısının son durumunu görməliyəm. Bu səbəbdən toplanışla bağlı yekun qərar qarşıdakı günlərdə veriləcək. Qarşıda hələ 4 tur var. Hər şey onların çıxışından asılı olacaq. Bu toplanışda yeni futbolçular ola bilər".

Azərbaycan çempionatı və futbolçularımızın səviyyəsi haqda da fikirlərini bildirən Yurçeviç bunları deyib: “Təxminən 20 Premyer Liqa oyununa baxmışam. Çempionatı tənqid etmək istəmirəm. Hərdən yaxşı, hərdən nisbətən zəif oyunlar olur. Amma düşünürəm ki, yaxşı işlə gələcəkdə çempionatın səviyyəsini qaldırmaq olar. Onu da deyim ki, Xorvatiya və Litva ilə oyunlarda futbolçuların fiziki durumlarından çox razı qaldım. Ümid edirəm ki, iyun ayında keçirəcəyimiz matçlarda da belə olacaq”.

Qeyd edək ki, millimiz “Avro-2020”nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 3 gün sonra isə Slovakiya ilə qarşılaşacaq. Hər iki oyun Bakıda olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.