Qol.Az

"Elvin komandaya uyğunlaşmadığı üçün yolları ayırdıq" - Elşad Əhmədov

[12.01.2019]
"Elvin komandaya uyğunlaşmadığı üçün yolları ayırdıq" - <b style="color:red">Elşad Əhmədov</b>

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. O, Antalyadakı təlim-məşq toplanışı və transfer planları haqda danışıb.

-  Artıq 1 həftədən çoxdur Antalyada təlim-məşq toplanışındasınız. Komandanın hazırlıq prosesi barədə nə deyə bilərsiniz?

- Yanvarın 2-dən Antalyada təlim-məşq toplanışındayıq. İlk yoxlama oyununu keçirəcəyimiz günə, yəni bu günə kimi fiziki çalışmalara üstünlük verdik. Bu oyundan sonra isə daha çox taktiki-texniki çalışmalar keçəcəyik. Toplanış çərçivəsində 4 komanda ilə yoxlama oyununda qüvvəmizi sınayacağıq. Bu gün “Eskişehirspor”la, ayın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubuyla üz-üzə gələcəyik. Ayın 22-də keçirəcəyimiz son yoxlama oyunundakı rəqibimizin kimliyinə hələ ki, aydınlıq gəlməyib.   

- Sizi razı və narazı salan məqamlar nədir?

- Məni əsas razı salan məqam futbolçularda olan istəkdir. Bundan əlavə, qış fasiləsindəki transferlərimiz Təmkin Xəlilzadə və Rəşad Eyyubovun qısa müddətdə komandaya tam uyğunlaşması da müsbət məqamlardandır. Narazı salan əsas məqam isə Antalyada bir neçə gün ardıcıl davam edən güclü yağışlar oldu. Bu cür hava bizə nisbətən çətinlik yaratsa da, hazırda bu cəhətdən də problemimiz yoxdur.

-Artıq yoxlama oyunlarındakı 3 rəqibiniz bilinir. Sonuncu rəqibiniz nə vaxt məlum olacaq. Macarıstan mətbuatı bu ölkənin "Pakş" klubu ilə də qarşılaşacağınızı yazıb.

- “Pakş”la oyun hələ ki, dəqiq deyil. Son yoxlama oyunu üçün bizə bu rəqib təklif olunub. Lakin hələ bu barədə razılıq əldə edilməyib.

- Baxışa dəvət etdiyiniz afrikalı hücumçu Aleksandr Kristavaonun ailə vəziyyətinə görə düşərgədən ayrıldığı bildirilir. Yeganə səbəb bu oldu?

- Özü mənə belə dedi. Cəmi 3 gün baxışda oldu. Onunla bağlı nə müsbət nə də mənfi qərar verilməmişdi. Sadəcə, özü ailə vəziyyəti ilə bağlı getmək istədiyini bildirdi.

- Anqolalı futbolçunun bu qərarı planlarınıza mənfi təsir göstərməyəcək?

- Onunla yanaşı daha bir neçə futbolçu ilə danışıq aparırdıq. İndi digər variantlara yönəlmişik. Deməzdim ki, planlarımıza ciddi təsiri oldu. Dediyim kimi, başqa variantlarımız da var.

- Hazırda baxışda yeni futbolçu varmı? Yoxdusa, nə vaxt gələcək?

- Hazırda düşərgəmizdə baxışda olan futbolçu yoxdur. Bəzi oyunçularla danışıqlar aparılır. Ona görə, bu barədə hələ ki, dəqiq bir şey deyə bilmərəm.

- Qış fasiləsində ancaq hücumçu alacaqsınız?

- Bəli, hazırda ancaq hücumçu transferi barədə düşünürük.

- Son olaraq, Elvin Yunuszadənin gedişi ilə bağlı soruşmaq istəyirəm. Mətbuatda müxtəlif fikirlər səslənir. Maraqlıdır, birdən-birə nə baş verdi ki, onunla yolları ayırmalı oldunuz?

- Elvinlə yollarımızı ayırmağımıza səbəb onun komandaya uyğunlaşmaması oldu. Başqa heç bir səbəb yoxdur. Ona yeni klubunda uğurlar arzulayıram.

Elnur SALAHOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.