Qol.Az

"Qışdan sonra tamam başqa “Zirə” görə bilərik" - Samir Abasov

[07.12.2018]
"Qışdan sonra tamam başqa “Zirə” görə bilərik" - <b style="color:red"> Samir Abasov</b>

“Zirə”nin baş məşqçisi Samir Abasov Qol.az saytına müsahibə verib.

40 yaşlı çalışdırıcı  turnir cədvəlində 7-ci pillədə qərarlaşan komandasının mövcud durumundan, qış fasilindəki planlardan danışıb.


- Birinci dövrənin son turunda “Qarabağ”la qarşılaşacaqsınız. Komandanızın hazırlıqları necə gedir?

- Yaxşıdır. Üzücü məqam budur ki, 5 futbolçumuz oyunu buraxacaq. Cəzalı durama düşən və zədəli futbolçular var. Yaxşı hal isə budur ki, “Qarabağ”a qarşı oynayırıq. Onlara – yəni, güclü rəqibə qarşı oyun həmişə maraqlı olur. Hazırlığımız da qaydasında gedir. Bəlkə də bəzi şeyləri dəyişmək məcburiyyətində qalacağıq. Çünki əskiklərimiz çoxdur. Bunların içində limitə görə hökmən oynamalı futbolçular da var. Amma buna görə üzülmürük, nikbinik.

- Sadaladıqlarınız amillər oyuna necə təsir edəcək?

- Təsir deyəndə ki, belə olanda digər oyunçulara da oynamaq şansı verilir. Onlar da özünü göstərməyə çalışacaqlar. Yəni komandanın gələcək planlarında bu futbolçular nə dərəcədə xeyir verəcək belə oyunlarda bilinəcək. Əlimizdə olan futbolçularla bəzi dəyişikliklərə gedə-gedə bu oyuna da çıxacağıq.

- Adrian Skarlatake ötən həftə zədələnmişdi. Hazırda durumu necədir, oynaya biləcəkmi?

- Çox güman ki, oynaya biləcək. Çünki yavaş-yavaş özünə gəlir. Dilan Duventru da fiziki baxımdan pik nöqtədə olmasa da, ən azından oyunun müəyyən hissələrində ondan da yararlanmağa çalışacağıq. Bir aya yaxın zədə səbəbindən oynamadı.

- Komanda turnir cədvəlinn 7-ci pilləsində qərarlaşıb, mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

- Sözün açığı, düşdüyümüz vəziyyət heç də ürəkaçan deyil. Amma bir şey gələcəyə ümid verir ki, artıq oyunumuz düzəlib. Əvvəlkilərə baxanda, indi yaxşı oynayırıq. Biz bunu onsuz da əvvəldən başa düşürdük ki, nələrisə öyrədib, tələb edirsənsə, bir müddət vaxt lazımdır. Sevindirici haldır ki, yaxşı oynamağa başlamışıq. Hardasa, istədiyimizə gəlib çatırıq. Amma həddindən artıq tələb olunan, işləməli şeylər var ki, onlara əməl olunmur deyə biz indi 7-ci pillədəyik.

- Sizcə, autsayderlikdən çıxmaq üçün əsas nə lazımdır?

- Biz bu dəqiqə bir oyun udsaq da, uduzsaq da autsayderlikdən çıxa bilmərik. Qış fasiləsindən yaxşı yararlanıb, elədiyimiz səhvləri düzəltməliyik. Futbolçularımız bunu anlamalıdır. Bizim məqsədimiz də onlara vəziyyəti başa salmaqdır. Fikirləşirəm ki, qışdan sonra tamam başqa bir “Zirə” görə bilərik.

- Bəs komanda daxilində futbolçuların əhvalı, psixoloji durumu necədir?

- Sözün açığı, əhval-ruhiyyə yaxşıdır. Özləri artıq başa düşməyə başlayıblar ki, bizim oyunumuz yaxşıya doğru gedir və oynasaq, daha yaxşı olar. Baxmayaraq ki, bu gün son pillələrdəyik, amma axırıncı 4 oyunda məğlub olmamışıq.  Heç-heçələr də bu gün üçün yaxşı nəticə deyil, amma uduzmamağın özü də bir motivasiyadır. “Qarabağ”la oyunu da uduzmaq istəmirik.

- Qış fasiləsini komanda necə dəyərləndirəcək? Planınız nədir?

- Hələ ki, danışıqlar gedir. Ölkə xaricində - Türkiyədə təlim-məşq toplanışı keçirmək istəyirik. Hara olacaq, hansı müddətdə və nə vaxt olacaq və s. bu kimi planlar qurulur. Yoldaşlıq oyunları keçirmək istəyirik. Bütün bunlar çempionatın son turundan sonra məlum olacaq.

- Rəqiblər bilinir?

- Xeyr. Bir günə bilinmir bunlar. Onlar sizinlə oynamağa razıdırmı, siz istəyirsinizmi, vaxt uyğundurmu, yəni, qarşılıqlı danışıqlar olur və bir müddət tələb edir. Çünki müqavilə ilə olan bir şeydir.

- Qışda komandaya yeni futbolçular cəlb ediləcək?

- Çalışacağaq ki, bəzi mövqelərə iki futbolçu gətirək. Açığı, olmasa da belə, təəccüblənməyə dəyməz. Çünki kimsə klubsuzdur deyə onu hökmən transfer etmək fikrimiz yoxdur. Bizə yarayacaqsa, ondan xeyir götürə biləriksə, komandaya cəlb edəcəyik. Gətirdiyimiz futbolçudan xeyir alıb-ala bilməyəcəyimizi də zaman göstərəcək. Amma oyunçumuz yoxdur, elə bunu götürək deyə bir şey olmayacaq. İstədiyimiz futbolçuları tapa bilməsək, elə bu oyunçularla davam edəcəyik. Sağlam rəqabət yaratmaq üçün bütün mövqelərə 1-2 futbolçu cəlb etmək istəyərik.

- Bəs oyunundan narazı qaldığınız, göndərmək istədiyiniz futbolçular var?

- Yox, bu haqda fikirləşmirik. Elə özümüz futbolçu axtarırıq. Futbolçu tapmaq elə çətindir. Yəni, oyunçu göndərmək haqda düşünmürük.

Məftun RƏSULZADƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.